“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Çoxlu emosiya var. Hər şeyə obyektiv qiymət verməyə çalışacağam. Avrokuboklara çıxmaq məsələsinə görə nəticə baxımından müəyyən təzyiq var idi. Buraxdığımız səhvlər bununla bağlı idi. Komandaya irad bildirə bilmərəm. 9 nəfərlə qaldığımız anda belə, hücum edib hesabı bərabərləşdirə bildik. Daha çoxuna ümid edirdik. Bu gün həddindən artıq lazımsız səhvlərə yol verdik. Kimisə günahlandırmaq çətindir”.
39 yaşlı baş məşqçi jurnalistlərin daim ona neqativ suallar verdiyini söyləyib: “Udduğumuz, heç-heçə etdiyimiz matçlardan sonra belə, futbolçularımı pisləyirsiniz. Sizin peşənizə hörmət edirəm. Hamınız yaxşı insanlarsınız. Bu cür suallar vermək işinizin bir hissəsidir. Amma yaxşı şeylərdən də danışmaq lazımdır. Komandadakı inkişafı görə bilmirsiniz? Razıyam, ilk hissədə rəqib kompakt oynadı. Xüsusilə mərkəzdə boşluqlar tapmaq çətin idi. Daha çox cinahlardan asmalar edirdik”.
“Futbolçuların çoxu paltardəyişmə otağında ağlayırdı”
O, hava şəraitindən və oyunun saat 17:00-a salınmasından da gileylənib: “Bakıda oyunların günorta saatlarına təyin olunmasını başa düşə bilmirəm. Daha əlverişli hava şəraitinin olduğu saatlarda oynamağımıza nə mane olur ki? Havaya görə qalib gələ bilmədiyimizi demirəm. Amin Seydiyevin qovulduğu epizodda qırmızı vərəqənin olmadığını düşünürəm. Çünki rəqib künc nöqtəsinə tərəf qaçırdı və digər oyunçumuz da Amini sığortalayırdı. Lakin istənilən halda səliqəli və ehtiyatlı oynamalı idi. Qapımıza qol vurulsaydı belə, qırmızı vərəqə almaqdan qaçmalı idi”.
Murad Musayev məğlubiyyəti təkcə psixoloji gərginliklə əlaqələndirməyib: “Taktiki səhvlərimiz də oldu. Amma futbolçular hər şeyin son turda həll olunmasını çox istəyirdilər. Bu oyundan qorxmurdular. Fikrimcə, bir az məsuliyyət çatmadı. Halbuki bundan qaçmaq olardı. Futbolçuların çoxu paltardəyişmə otağında ağlayırdı. Heç kimi günahlandırmaq lazım deyil. Onlar istəyirdilər, sadəcə, belə alındı”.
Mütəxəssis “Sabah”a yeni gələndə “Qəbələ”dən 11 xal geridə olduqlarını xatırladıb: “Hamı “Sabah”ın büdcəsindən danışır. Hansı büdcə? Bizim büdcəmiz “Qarabağ” və “Neftçi”dən geri qalır. “Qarabağ”a 1:5 uduzduğumuz oyundan sonra deyirlər ki, bu oyun sizin işinizin güzgüsüdür. Niyə? Halbuki ondan əvvəl “Zirə” ilə heç-heçə edib, “Neftçi” və “Keşlə”ni udmuşuq. Bu cür fikir bildirmk düzgün deyil, dostlar. Tənqidə qarşı deyiləm. Lakin obyektiv olmaq lazımdır. Məndən inciməyin”.
“Komandam ən yaxşı sözlərə layiqdir”
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə qələbəni əldən vermələri ilə bağlı bunları söyləyib:
“İki gün öncə “Qarabağ”la matçda ağır məğlubiyyət almışdıq. Həmin oyunu nəzərə alsaq, komandam bu gün ən xoş sözlərə layiqdir. Görüşün sonları o qədər yaxşı olmadı. Çünki 3 xala layiq idik. Amma yekun belə alındı. Bu kluba gəlişimdən sonra ən yaxşı oyunumuzu göstərdik. Bunu paltardəyişmə otağında futbolçulara da dedim. Rəqib kifayət qədər ciddi komandadır. Avrokuboklar və yuxarı yerlər uğrunda mübarizə aparırdı. Xırda problemlərə baxmayaraq, komandam ən yaxşı sözlərə layiqdir. Turnir cədvəlindəki vəziyyətimiz bəllidir. Mövqeyimizə baxsaq, nəyin yaxşı, nəyin pis olması barədə danışmaq yersiz olar”.
41 yaşlı baş məşqçinin sözlərinə göə, indi transferlər haqqında danışmaq lazım deyil: “Amma təlim-məşq toplanışı və heyətin gücləndirilməsi ilə bağlı müəyyən planlar var. Ümumi durumu analiz etməli, ortaq məxrəcə gəlməliyik. Müsbət dinamika var. “Şamaxı”ilə matçdan sonra bu gün də 3 xal qazana bilərdik. Bunlar analiz üçün yaxşı məqamlardır”.
Baqa cari mövsümün sonunda “Sumqayıt”dan ayrılmaq istədiyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib: “Azərbaycanca başa düşmədiyim üçün haqqımda yazılan xəbəri tərcümə etdilər. Bir məqamı eşidəndə gülümsədim. Orada maraqlı bir yer var idi. 38 yaşlı mütəxəssis yazmışdılar. Halbuki mənim 41 yaşım var. 3 yaş cavanlaşdırmışdılar. Bu faktı görəndən sonra informasiyanın necə yazıldığını başa düşdüm və həmin cümlədən sonra oxumağı dayandırdım”.


