Murad Musayev hakimi sərt tənqid etdi: “Oyunu öz istədiyi kimi idarə edir”

Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 0:1 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Matç ərzində böyük üstünlüyə sahib idik. Düşünürəm ki, təmiz qolumuzu əlimizdən aldılar. Rəqib komanda şəklində öz cərimə meydançasında müdafiə olunurdu. Avtoqolumuzdan sonra axıradək müdafiədə oturdular. Səfərə gələndə qarşılıqlı şəkildə futbol oynamaq istəyirsən. Meydanda bu gün gördüklərimiz çox qəribə idi. Amma öz oyunçularıma təşəkkür edirəm. Bütün güclərini meydanda qoydular”.

Murad Musayev sayılmayan qollarının qaydalar çərçivəsində vurulduğunu söyləyib: “Həmin epizodda heç bir cərimə yox idi. Matç ərzində çox dəyişikliklər oldu, həkimlər meydana daxil oldu, çoxlu dayanmalar oldu. Ancaq baş hakim cəmi 3 dəqiqə əlavə etdi. Bu hakim (Kamal Umudlunu nəzərdə tutur – red.) “Sabah”dakı ilk oyunumu da idarə etmişdi. Hesab 3:1 olarkən 46-cı dəqiqədə heç nədən Xuan Kamaranı meydandan qovmuşdu. Rəqibin qapısına da təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir”.

Baş məşqçi komandasının ilk yarıda zəif təsir bağışlaması fikri ilə razılaşmayıb: “Zəif oynamağımızla bağlı fikirlə razı deyiləm. Rəqib qoldan başqa, birinci hissədə bir dəfə də qol vəziyyəti yaratmadı”.

“Sabah”ın çalışdırıcısı avrokuboklara iddialarını davam etdirdiklərini vurğulayıb: “Avrokuboklarda çıxış etməyi çox istəyirik. Ancaq bu oyunla avrokuboka gedə bilmərik. Əlimizdən nə gəlirsə, edirik. Hər şeyə mayın sonunda aydınlıq gələcək”.

“Qələbənin yaxşısı və ya pisi olmur”

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə qalib gəldikləri matçla bağlı bunları dilə gətirib:

“Maraqlı oyuna şahidlik etdik. Qələbənin yaxşısı və ya pisi olmur. Necə lazım idisə, o cür də oynadıq. Baxmayaraq ki, kifayət qədər itkilərimiz var idi. Bu cür rəqibə qarşı iki əsas müdafiəçisiz meydana çıxmışdıq. Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm.

Müdafiədən oynamalısansa, deməli, canını ortaya qoymalısan ki, rəqibə şans verməyəsən. Komandamız da bunu yetərincə yaxşı bacardı. Layiqli qələbə qazandıq. Artıq ölkə kubokuna hazırlaşacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: