Murad Musayev ilə Samir Abasov qalmaqallı matçdan danışdı

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, doğma meydanda 1:3 hesabı ilə uduzduqları oyundan (ilk oyun 1:1) sonrakı mətbuat konfransında bunları söyləyib:

Çox yaxşı ilk hissə keçirdik. Oyuna nəzarət etdik, bir neçə təhlükəli qol fürsəti yaratdıq. Müdafiədə intizamlı olduq, rəqibin hücum etməsinə imkan vermədik. İkinci hissədə isə intizamı itirdik. Üstünlüyü əldən vermək bizim ən böyük səhvimiz idi. Sonadək birinci hissədəki kimi oynamalı idik.

Murad Musayev hakimlik haqqında da danışıb: “Baş hakim öz işini çox yaxşı gördü. Epizod gedirsə və oyunçulardan biri qaydanı pozursa, hakim fit çalmırsa, amma eyni epizodda digər tərəfə birbaşa fit çalırsa, deməli, başqa niyyəti var. Mən qarşılaşmanın daha az dayanmasının tərəfdarıyam. Sərt futbolun tərəfdarıyam, amma bunun nəticəsi olmalıdır. İmkan verirsənsə, qoy, hər iki tərəf sərt oynasın. Belə alındı ki, o, sadəcə, bir tərəfə qarşı fit çalırdı. Meydanda futboldan həzz ala bilmədik. Baş verənlərin hamsının səbəbi hakimdir. Amma hakimə görə uduzmadıq. Belə hakimlik edilirsə, daha yaxşı oynamalıyıq. İlk yarıdakı kimi oynamalıydıq. Hakim nə etmək istəyirdisə, ona da nail oldu”.

Samir Abasov: “Bu qələbə hamımıza lazım idi”

“Neftçi”nin baş məşqçisi Samir Abasov isə qalib gəldikləri oyunu belə şərh edib:

“Buradakı bütün oyunlar gərgin keçir. Qələbə qazandığımız üçün sevincliyik. Bu qalibiyyət hamımıza lazım idi. İkinci hissədə orta xətti ələ aldıq. Birinci yarıda istədiklərimizi edə bilmirdik. İnanıram ki, bu qarşılaşmadan sonra motivasiyamız qalxacaq. Rəqibin belə oynayacağını gözləyirdik. Buna da hazırlıqlı idik. Bu gün sanki bir az yatmışdıq. Komanda ikinci hissədə ayıldı. Bəzi oyunlarımız gec saatlarda olur. Amma bu günkü matç saat 4-də başladı. Bəlkə oyunçular buna görə bir az yatmışdı. Əsas odu ki, qalib gəldik. Futbolçular çox böyük iş gördülər”.

Samir Abasov Sezar Meza Kollinin 90 dəqiqə oynamaq üçün tam hazır olmadığını söyləyib: “10 günlük məşqdən sonra oyunçunu əsas heyətdə görmək mümkünsüzdür. Qış tətilinə yollandıq, qayıdanda Meza Kolli koronavirusa yoluxdu. Bir az da ağır keçirdi. Meza Kollinin meydanda etdiklərini görürük. Etmədiklərini də görməliyik. Hazırda bəzi şeyləri etməyə gücü yoxdur. Onları da biz görürük”.

Xəbəri sosial şəbəkələrdə paylaş: