Murad Musayev: “Neftçi”dən nə gözləyirdiksə, onu da gördük”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün vacib qələbə idi. “Neftçi” güclü rəqibdir, son çempiondur. İlk hissədə oyunumuz alınmadı. Qərar verməkdə gecikir, çoxlu səhvə yol verirdik. Amma yenə sonadək vuruşduq. İkinci hissədə səhvlərimizi düzəldə bildik və pressinqi yaxşılaşdırmaqla iki sürətli əks-hücum nəticəsində qollarımızı vurduq. Futbolçuların mübarizəsindən razıyam. Qarşıda böyük işlər var. 1 gün də olsun dayana bilmərik.

“Neftçi” gözlədiyimiz kimi oynadı. Cinahlardan çoxlu hücumlar etdilər. Prinsipcə, nə gözləyirdiksə, onu da gördük. Bunun “Neftçi” üzərində ilk qələbəmiz olduğunu matçdan sonra bildim. Buna görə sevincliyəm. Amma artıq bu görüşü unudub səylə işləməliyik.

Vaxtilə rəhbərliyim altında oynamış Məhəmməd Şapi-Suleymanovu “Sabah”a gətirəcəyimlə bağlı iddialara gəlincə, o, hazırda Türkiyədə icarədədir. Sabit oynayır və öz vəziyyətindən razıdır. Yayılan məlumatlar şayiədir.

Qış fasiləsində çox transfer lazım olmayacaq. Yüksək keyfiyyətli futbolçularımız var. Amma bəzi mövqelərin gücləndirilməsi üçün danışıqlar gedir. Daha çox öz oyunçularımıza güvənəcəyik.

Məndən öncə bu klubda çalışan baş məşqçilərə hörmətlə yanaşıram. Heç vaxt demərəm ki, kimsə pisdir. Sadəcə, mənim öz oyun üslubum var. Bəzi şeyləri dəyişməliyəm ki, mənim fəlsəfəmə uğun oynasınlar. Buraya yeni gəlmişəm. Vəd verməyi xoşlamıram. Hücum futbolu göstərməyə çalışacaq və bu istiqamətdə işləyəcəyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: