Murad Musayev: “Onların sayəsində tarixi qələbə qazandıq”

“Sabah”ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Serbiya nəhəngi ilə Masazırda baş tutan ilk qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah”ın rusiyalı baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında əvvəlcə bunları söyləyib:

“Bu oyuna görə uşaqlarla fəxr edirəm. Xarakter göstərdik, adlı-sanlı rəqibdən qorxmadıq, hücum futbolu sərgilədik. Penaltidən yararlanmaq mümkün olmasa da, komandam sonradan toparlana bildi. Bu gün qalib gəlsək də, şanslar hələ bərabərdir. Addım-addım gedəcəyik. Qarşıda “Sumqayıt”la matç var. Bir həftə sonra isə Belqradda çətin oyunumuz olacaq. Stadiona gələn azarkeşlərə, tamaşaçılara təşəkkür edirəm. Bu gün onların dəstəyi bizim üçün çox vacib idi. Fanatların sayəsində tarixi qələbə qazandıq. İşin yarısını görmüşük. Amma sakit qalıb, növbəti oyunu gözləməliyik”.

Qaçırılan epizodlarla bağlı fikirlərini bölüşən 40 yaşlı mütəxəssis hər gün bunun üzərində çalışdıqlarını söyləyib: “Oyunçularımızın üzərində təzyiq var. Onlar üçün yeni təcrübədir. Bir neçə qol imkanından yararlana bilməsək də, nəticəni xeyrimizə dəyişə bildik. Burada kiminsə fərdi oyununu dəyərləndirmək düzgün olmazdı. Qalib gəlmişik və oyunçularımdan məmnunam”.

Baş məşqçinin sözlərinə görə, Belqraddakı cavab görüşü daha çətin olacaq: “Rəqib öz azarkeşləri önündə oynayacaq. Möhtəşəm fanatları var. Bu gün bir az hava da bizə kömək oldu. Rəqib üçün çox çətin idi. Məni üzən hallar da var, Elvin Camalov və Con İrasabal zədəlidir. Coy Lens Mikelsin vəziyyətini bilirsiniz. Müəyyən dəyişikliklər etməli olacağıq. Bu tempi saxlamağa çalışacağıq”.

Murad Musayev yeni transferlərə ehtiyac duyduğunu gizlətməyib: “Önəmli olan strukturdur. Bunu sona kimi saxlaya bilsək, düz oynasaq, çox yaxşı çıxış edəcəyik. Ötən il Aleksey Kaşuk və Coy Lens Mikels qollar vururdu. Amma hər şey bu, komandanın məhsuludur. Yusif İmanov qapıda etibarlı çıxış edir, ona da komanda yoldaşlarının köməyi var. İntizamı saxlasaq, yaxşı olacaq. Yeni transferlərə ehtiyacımız olacaq. Amma kimisə gətirsək belə, bu matç üçün sifariş edə bilməyəcəyik”.

“Cavan “Sabah” yaşlı “Partizan”a dərs keçdi”

“Partizan”ın baş məşqçisi İqor Dulyay isə ilk oyundakı məğlubiyyəti belə şərh edib:

“Bu gün bütün amillərdə “Sabah”dan geri qaldıq. Rəqibin təzyiqi qarşısında tab gətirə bilmədik. Rəqib oyunçular bizim müdafiəçilərə fikirləşməyə vaxt vermirdilər. 15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi. Bu gün cavan “Sabah” yaşlı “Partizan”a dərs keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik”.

Dulyay bu yay “Neftçi”dən transfer etdikləri Matias Saldanyanın çıxışına da toxunub: “Əla futbolçudur, ona inanıram. Yüksək səviyyədə çıxış edir. Sadəcə, uyğunlaşması üçün vaxt lazımdır”.

“Partizan”ın baş məşqçisi növbəti mərhələ şanslarını da dəyərləndirib: “Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşısını etmək olar”.

Xatırladaq ki, Azərbaycan və Serbiya təmsilçiləri arasındakı cavab qarşılaşması avqustun 17-də Belqradda, “Partizan” stadionunda keçiriləcək. Bu oyuna Bakı vaxtilə ilə saat 23:00-da start veriləcək.

“Partizan” – “Sabah” cütünün qalibi Avropa Konfrans Liqasının pley-off mərhələsində “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Azərbaycan və Serbiya klublarından güclü olan pley-offda ilk görüşünü səfərdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: