“Sabah”ın baş məqşçisi Murad Musayev Premyer Liqanın 26-cı turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Burada oynamaq heç bir komanda üçün asan deyil. “Qəbələ” və “Qarabağ” da bu meydanda uduzub. Ona görə də 90 dəqiqə ərzində konsentrasiyanı saxlamaq lazım idi. Hücumlarımız yaxşı alınırdı. Amma sonluqlar istənilən kimi deyildi. Daha sakit oynaya bilərdik. Əsas odur ki, inamlı qələbə qazandıq. Rəqibə hörmətlə yanaşdıq. Bilirdik ki, rəqibi ciddiyə almasaq, bizə baha başa gələcək. Daha çox qol vura bilərdik, fürsətləri boşa verdik. Amma bu, arxayınlıqla bağlı deyildi.
Elvin Camalovun çıxışından razıyam. O, komandamızın lideridir. Müdafiədən hücuma keçərkən çox böyük iş görür. Düşünürəm ki, ən yaxşı mövsümlərindən birini keçirir.
Ukrayna klublarından icarəyə götürülən Lukas Rangel və Aleksey Kaşukun “Sabah”da qalması üçün danışıqlara başlamışıq. Hər ikisi komandanı, Azərbaycanı sevir. Nümayəndələri ilə danışırıq. Amma bu, kifayət qədər çətin prosesdir. Çünki Kaşuk Donetsk “Şaxtyor”una məxsusdur. Amma başqa komandada çıxış edir. Hələlik danışıq gedir, konkret bir şey yoxdur”.
Murad Musayev gənc oyunçu limitinin ləğv olunması qərarına da toxunub: “Təbii ki, çətin olacaq. Çünki heyəti buna uyğun komplektləşdirmişdik. Amma çempionatın başa çatmasına 3 həftə qalmış dedilər ki, limit ləğv olunur. Ümumiyyətlə, mən limitə qarşıyam. Meydanda ən yaxşılar oynamalıdır. Bu, bütün futbolçuların səviyyəsini artıracaq. Biz, yalnız pasporta yox, oyunçunun ustalığına baxmalıyıq. Bununla belə, AFFA-nın qərarına hörmət etmək lazımdır. Növbəti mövsümdə komandanın necə olması seleksiya işlərindən və təlim-məşq toplanışından asılı olacaq”.
Aftandil Hacıyev: “Oyuna yaxşı başlamadıq, diqqətli oynamalıydıq”
“Səbail”in baş məqşçisi Aftandil Hacıyev isə məğlub olduqları oyundan sonra bunları dilə gətirib:
“Oyuna yaxşı başlamadıq. Qapımızda penalti gördük və qonaqlara psixoloji üstünlük verdik. Bu, amil həlledici oldu. Ona görə də penaltini boşa vermələrinə baxmayaraq, nizam-intizamı itirmədilər. Bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəlidir. Diqqətli oynamalıydıq. Amma ilk hissədə 2 top buraxdıqdan sonra ikinci yarıda daha çox hücuma atılıb, risk almağa başladıq. Son dəqiqələrdə Nikolas Raysel qol epizodunu dəyərləndirə bilsəydi, bəlkə də 1 xal qazana bilərdik. Rəqibin hücum xəttində sürətli və fərdi ustalığı yüksək olan oyunçular var. Bizim üçün isə rotasiya etmək çətindir. Futbolçular əllərindən gələni etdilər, amma alınmadı. Çalışacağıq ki, çempionatı layiqli şəkildə başa vuraq”.
Aftandil Hacıyev sonda zədədən əziyyət çəkən qapıçı Rəşad Əzizlinin durumuna da toxunub: “Müalicəsi davam edir. İki gün sonra fərdi məşqlərə başlayacaq”.


