Murad Musayev “Qəbələ”dən getdi – Rəsmi

Premyer Liqadakı yerini çətinliklə qorumuş “Qəbələ” kapitanı Murad Musayev ilə mövsümün sonunda başa çatmış müqaviləni yeniləməyib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi 2012/2013-cü illər mövsümündə məhz bu komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib. Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb, 4 qola imza atıb.

Murad Musayev “Qəbələ” ilə 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

Əyalət təmsilçisi Murad Musayevə bu klub üçün xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Qəbələ” daha öncə Rza Cəfərov, Sambu Sissoko, İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da yollarını ayırmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: