Murad Musayev: “Rəqibə bu qədər imkan vermək olmaz”

“Sabah”ın baş məşqçisi Murad Musayev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində RFS-ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis Latviya təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikəri səfər matçından sonrakı mətbuat konfransında bunları söyləyib:

“Qarşılaşmaya yaxşı başladıq. Çox çətin matç oldu. Mövsümdəki ilk rəsmi oyunumuz idi. Rəqib çətinliklər yaşatdı. Amma şadam ki, təzyiqə tab gətirdik və ikinci qolu vurduq. Sonda qol buraxmadan qələbə qazandıq. Amma bu, ilk hissə idi. Hələ Bakıda daha bir 90 dəqiqə var. Cavab görüşündə daha yaxşı olmağa çalışacağıq”.

Murad Musayev komandasının tam optimal formada olmadığını diqqətə çatdırıb: “Latviyada çempiomat davam edir. Özü də, onlar yaxşı formadadırlar. Biz isə hələ yeni başlayırıq və demək olar ki, birdən-birə bizi “alov”a atdılar”. (gülür)

Şadam ki, futbolçular bu gün tab gətirdilər. Avrokuboklarda ilk rəsmi görüşdə qələbə qazandıq. Bu, vacib idi. Amma çox istəyirəm ki, iki matçın ümumi nəticəsinə görə qələbə olsun. Qarşıda hələ görüləsi çox işimiz var. Səhvlərimiz üzərində yaxşı işləməliyik. Rəqibə bu qədər imkan vermək olmaz”.

Xatırladaq ki, “Sabah”a bu tarixi oyunda qələbə qazandıran qolları Boyan Letiç və Davit Volkov vurublar. Bu iki komanda arasındakı cavab qarşılaşması bir həftə sonra – avqustun 3-də Masazırda keçiriləcək. “Bank Respublika Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək. Cütün qalibi Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: