“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev “Match TV”yə müsahibəsində komandasının Avropa Konfrans Liqasındakı çıxışını dəyərləndirib.
Arena.az xəbər verir ki, onun komandası ötən gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Latviyanın RFS komandasını 2:1 hesabıyla məğlub edib.
Səfərdəki ilk oyunda da 2:0 hesablı qələbəyə sevinmiş Musayevin komandası növbəti mərhələyə yüksəlib.
“Sabah”ın Konfrans Liqasının 3-cü raundundakı rəqibi Serbiya “Partizan”ı olacaq. Murad Musayev bu rəqiblə oyunda favoritin “Partizan”ı olduğunu, amma komandasının heç kimdən qorxmadığını deyib:
- İlk duyğular – sevincdir. Məmnunluq hissi var, çünki ağır qələbə qazandıq. Növbəti mərhələyə yüksəlmək “Sabah” üçün tarixi hadisədir, komanda avrokuboklarda ilk ev oyununda ilk qələbəsini qazanıb. Elə, bizim rəqibimizin də çox yaxşı səviyyəsi vardı, ötən mövsüm Konfrans Liqasının qrupunda çıxış edirdi. Uğuru qeyd etməyə vaxt yoxdur, iki gündən sonra Azərbaycan çempionatına başlayırıq, bir həftədən sonra isə Konfrans Liqasında “Partizan”la oynayacağıq. Hər şeyi sürətlə təhlil edib irəli hərəkət etməliyik.
- Yaxşı mövsüm üçün yaxşı başlanğıc?
- Görək. Qarşıda çox iş var, komanda bir qədər dəyişib, yeni oyunçular gəliblər və hələ ki, istədiyimiz kimi oynamaq üçün kifayət qədər vaxt yoxdur. Ötən mövsüm bizim üçün uğurlu oldu, biz gümüş mükafatçı olduq. bununla belə, çempionatın ən yaxşı oyunçusu olan liderimizi (Aleksey Kaşuku nəzərdə tutur – red.) itirdik.
“İndi Azərbaycan futboluna görə daha çox məsuliyyət hiss edirəm”
- “Partizan” ötən mövsümü əldən verib. Onlarla oyunlardan nə gözləyirsiniz?
- Hələlik heç nə, çünki bütün fikirlərim RFS ilə oyunlar, bugünkü yaxşı iş haqqında idi. “Partizan” tarixən Serbiya futbolunun flaqmanıdır, onlarla maraqlı oyunlar gözləyirəm. Ola bilsin ki, gecə onların oyunlarına baxmağa başlayım. Belqradlılarla oynamağımızda qorxulu bir şey görmürəm, bizim komandamız heç kimdən qorxmur, çıxıb istənilən rəqibə qarşı oynamağa hazırdır.
- Şanslar 50/50-dir?
- Səmimi olacağam: Əgər transfer qiymətini və klubun tarixini götürsək, “Partizan” cütümüzün favoritidir. Başa düşürük ki, bu, Avropada ilk mövsümümüzdür, hər oyunda bizim üçün çətin olacaq. Amma biz meydana çıxıb əlimizdən gələni etməliyik. Biz çox və gərgin məşq edirik, hesab edirəm ki, bu, öz gücümüzə inam verir.
- Rusiya məşqçilik məktəbinə görə məsuliyyət hiss edirsiniz?
- Mən bunu Rusiyada işləyəndə hiss edirdim, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində üç mövsüm “Krasnodar”la oynayanda həm xal baxımından, həm də futbolun keyfiyyəti baxımından çox yaxşı nəticə göstərdik. İndi isə Azərbaycandayam və yerli futbola görə daha çox məsuliyyət hiss edirəm. Ölkənin reytinqinə mümkün qədər çox xal toplamaq istərdim və şadam ki, çıxışımıza iki qələbə ilə başladıq.


