Murad Musayev üçün Premyer Liqamızda yubilet matçı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 31-ci turu “Sabah”ın baş məşqçisi Murad Musayev üçün əlamətdar olub. Arena.az xəbər verir ki, onun komandası bu turda səfərdə “Turan Tovuz”la qarşılaşıb.

Tovuz şəhər stadionunda keçirilən oyun “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Musayev bu qarşılaşmada “Sabah”ın “sükanı arxasında” Premyer Liqada 50-ci görüşünü keçirib.

Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında yüksək liqada 32 qələbə qazanıb. Qalan görüşlərdən 9-da heç-heçə, 9-da isə məğlubiyyət qeydə alınıb.

Xatırladaq ki, Murad Musayev 2021-ci ilin oktyabr ayından “Sabah”a rəhbərlik edir. O, bu komandanı bütövlükdə 56 matça çıxarıb. “Qartallar” bu görüşlərdə 34 qələbə qazanıblar, 10 heç-heçə ediblər və 12 məğlubiyyətə üzülüblər.

Rusiyadan olan 39 yaşlı mütəxəssis daha öncə ölkəsində “Krasnodar”da baş məşqçi kimi çalışıb.

“Sabah” bu mövsüm Azərbaycan Premyer Liqasında 31 oyuna topladığı 71 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider “Qarabağ”dan 7 xal geri qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş: