Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ”nin müdafiəçisi Murad Musayev əyalət təmsilçisində 100-cü oyununu keçirib. Arena.az xəbər verir kİ, 29 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 32-ci turuna təsadüf edib.
“Səbail”lə ev matçı (4:2) arxa xətt oyunçusunun “qırmızı-qaralar”ın heyətində 100-cü sınağı olub. Murad bu qarşılaşmalarda 3 qola imza atıb.
Müdafiəçinin “Qəbələ”dəki debütü 2012/13 mövsümündə gerçəkləşib. O, 2012-ci il avqustun 10-da Premyer Liqanın “İnter”lə görüşündə (1:0) şans qazanıb. Musayev ümumilikdə ölkə çempionatında 87, kubokda 12, avrokuboklarda 1 matçın iştirakçısı olub. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.
Murad Musayev “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi düşüb. Bu göstəricidə rekord Ürfan Abbasova məxsusdur. O, “qırmızı-qara” formada 263 matça çıxıb.
Xatırladaq ki, “Səbail”lə qarşılaşma “Qəbələ”nin Premyer Liqada 500-cü oyunu olub. Sözügedən klub Azərbaycan çempionatının yüksək dəstəsində 2006/07 mövsümündə debüt edib. “Qəbələ” 17 mövsüm ərzində 196 qələbə qazanıb, 136 heç-heçə edib və 168 dəfə uduzub. Bu oyunlarda 611 qol vuran “Qəbələ” futbolçuları 563 qol buraxıb. “Qırmızı-qaralar” Premyer Liqada 724 xal toplayıb.
“Qəbələ” çempionatın tarixində 500 və daha çox oyun keçirən 7-ci komanda olub. “Səbail”lə Qəbələ şəhər stadionundakı matç 250-ci ev görüşü kimi tarixə düşüb. Digər 250 matç səfərdə baş tutub.
Xatırladaq ki, “Qəbələ” Premyer Liqada ilk oyununu 2006-cı il avqustun 5-də keçirib. Həmin vaxt “Gilan” adlanan komanda “İnter”lə ev sınağında qolsuz heç-heçə edib.


