“Sabah”ın baş məşqçisi Murad Musayev Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”a qarşı oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Serbiya klubları arasındakı ilk oyun sabah Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq və saat 20:00-da başlayacaq.
Qarşılaşmadan öncəki mətbuat konfransında Murad Musayev əvvəlcə bunları söyləyib:
“Bizi çox çətin və maraqlı oyun gözləyir. Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Bu cür matçlar üçün ailəmizdən kənarda qalırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Güclü olan qazansın”.
“Partizan”ın mənfi və müsbət cəhətlərindən söz açan Musayev rəqibin hücum xəttini xüsusi vurğulayıb: “Güclü tərəflərindən biri sürətli hücuma keçməsidir. Fərdi olaraq yaxşı çıxış edirlər. Bir-birilərini gözəl başa düşürlər. Zəif cəhətləri haqqında danışmaq düzgün olmazdı”.
Rusiyalı mütəxəssis komandasının əsas qol silahı Coy Lens Mikelsin aldığı sərfəli təklifə görə “Sabah”dan ayrılmağa qərar verdiyini bildirib: “Mikels sabah oynamaq istəmir, getməyi düşünür. Mövsümün əvvəlində belə halların olması çox pisdir. Bunlar mövsümün ortasında olsaydı, nələrsə edə bilərdik. Şayiələri müzakirə etmək istəmirəm. Hadisələrə müsbət təsir etməyə çalışdım, amma maliyyə məsələləri mənim səlahiyyətimdə deyil. Müqaviləsində bənd var ki, müəyyən məbləğ qarşılığında sərbəst qala bilər. Lakin hələ bu məbləğ hesaba köçməyib.
Bütün diqqətim “Partizan”la oyundadır. Biz komanda işi, aqressiv oyun və özünə inam sayəsində mərhələni keçə bilərik. Ehtiyatlı olmalıyıq. “Partizan”ın gücünü bilirik. Lakin özümüzə ianırıq”.
Təcrübəli baş məşqçi bu yay “Neftçi”ni Belqrad təmsilçisinə dəyişən Mateus Saldanyanın yeni komandasına yaxşı uyğunlaşdığını söyləyib: “Qollar vurur. Onu tanıyırıq. Amma “Partizan” bir oyunçudan ibarət deyil”.
“Sabah” topu itirəndə daha təhlükəli olur” – “Partizan”ın baş məşqçisi
“Partizan”ın baş məşqçisi İqor Dulyay da Bakıda jurnalistlərlə görüşüb və matçla bağlı düşüncələrini bölüşüb:
“Sabah”ı yaxşı təhlil etmişik. Komanda 2017-ci ildə yarandığı üçün zəif və ya güclü olduğunu söyləmək çox çətindir. Ümumiyyətlə, indi futbolda asan rəqib yoxdur. Əsas üstünlükləri odur ki, az qol buraxırlar. “Sabah”ın heyətində bir-iki maraqlı futbolçu var. Ciddi rəqibdir. Bununla yanaşı, Bakıda havanın isti və rütubətli olması bizə problem yarada bilər.
Mateus Saldanya rəqiblə bağlı bütün məlumatları portuqaliyalı köməkçimə ötürüb. Murad Musayev də keyfiyyətli məşqçidir. Gəncdir, komandasında istedadlı oyunçular var. Topu itirəndə daha təhlükəli olurlar. Ehtiyatlı olmalıyıq, sürətli futbolçuları var. Maraqlı və çətin oyun olacaq”.


