Murad Musayev: “Zarafat edirsiniz? Nə “Partizan?”

“Sabah”ın baş məşqçisi Murad Musayev Avropa Konfrans Liqasında Latviya RFS-inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2-ci təsnifat mərhələsinin Bakıda baş tutacaq oyunundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“İlk matçdakı qələbə hələ heç nə demək deyil. Bir səhv hər şeyi məhv edə bilər. Kifayət qədər diqqətli oynamalıyıq. RFS güclü komandadır. Təkcə bu il yaxşı oynamırlar. Ötən mövsüm qrup mərhələsində çıxış ediblər. Fikrimcə, Latviyanın ən güclü komandasıdır. Sabah klubumuzun tarixində əlamətdar gündür. Evdə ilk avrokubok matçına çıxacağıq. Bu uğura getmək üçün uzun yol qət etdik. Bizi çətin oyun gözləyir”.

Musayev Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqib olan Serbiya “Partizan”ı barədə düşünmədiklərini söyləyib: “Zarafat edirsiniz? Nə “Partizan? İlk hədəfimiz RFS-i keçməkdir. Sonrakı məqsədlər haqqında düşünmürük. “Partizan”ı ümumiyyətlə fikirləşmirik. Bunu rəhbərliklə də müzakirə etməmişik. Sadəcə, sabahkı rəqibin güclü tərəflərini zərərsizləşdirib öz oyunumuzu göstərmək istəyirik. Əsas məqsədimiz ilk oyunda etdiyimiz səhvlərdən nəticə çıxarmaqdır”.

Musayev RFS-in ən təhlükəli tərəfinin standart vəziyyətlər olduğunu vurğulayıb: “İlk matçda bütün təhlükəli epizodları standart vəziyyətlərdən yaratdılar. Sabah necə oynayacaqlarını bilmirəm. Açıq futbol göstərəcəklərsə, buyursunlar, mən bu cür oyunu sevirəm”.

Murad Musayev hücumçu Coy Lens Mikelslə Emmanuel Apehin durumuna da toxunub: “Mikelsin kiçik zədəsi var idi. Amma bərpa prosesi üçün 1 həftə vaxtı oldu. Apehlə bağlı heç bir problem yoxdur”.

Təcrübəli mütəxəssis “Qarabağ”ın bu gün Bakıda Polşa “Rakuv“una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu barədə də fikirlərini bölüşüb: “Azərbaycan təmsilçisi ilk matçda çox yaxşı oynadı. Sadəcə, kiçik səhvlər baha başa gəldi. Amma “Qarabağ” təcrübəli komandadır. Azarkeşlərin də dəstəyi ilə uğur qazana bilərlər. Bizi bu gün maraqlı oyun gözləyir. Lakin çox ağır qarşılaşma olacaq”.

Xatırladaq ki, sabah Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq cavab oyununa saat 20:00-da start veriləcək. Riqadakı ilk matçda “Sabah” 2:0 hesablı qələbəyə sevinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: