“Zirə”nin müdafiəçisi Ange Mutsinzi və “Səbail”in hücumçusu İnnosent Nşuti Ruanda millisində növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, onlar dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Nigeriya yığmasına qarşı forma geyiniblər.
Ruanda millisi öz meydanında 0:2 hesabı ilə uduzub. Start heyətində yer alan futbolçulardan Ange 90 dəqiqə mübarizə aparsa da, İnnosent 82-ci dəqiqədə əvəzlənib. Nigeriya yığmasının heyətində hər iki qolun müəllifi Viktor Osimhen olub.
Yeri gəlmişkən, oyundan sonra Mutsinzi Nigeriya millisinin hücumçusu Viktor Osimhenə “Zirə”nin formasını hədiyyə edib. Qarşılığında isə Osimhen “Qalatasaray” formasını ona verib.
5 turdan sonra C qrupunda Ruanda millisi 7 xalla 3-cü, Nigeriya isə 6 xalla 4-cü pillədə qərarlaşıb. Mutsinzi və Nşutinin komandası növbəti oyununu martın 25-də Lesotoya qarşı keçirəcək.


