Nəriman Axundzadə “Nyu York Siti”yə qarşı 11 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində doğma meydanda “Nyu York Siti” ilə qarşılaşıb.

Oyun Ohayo təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 0:3. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşün 79-cu dəqiqəsində meydana buraxılıb.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 12 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Nərimanın komandası 12 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 7 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: