Futbol üzrə Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə Türkiyənin “Ərzurumspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Türkiyə Super Liqasında 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyunları keçirilir.
Nəriman Axundzadəli “Ərzurumspor” bu turda “Qalatasaray”la qarşılaşıb. Görüş meydan sahiblərinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəriman matçın 55-ci dəqiqəsində, rəqib 3:0 öndə olarkən meydana çıxıb. O, 84-cü dəqiqədə sarı vərəqə də alıb.
“Ərzurumspor” 2 turdan sonra xalsızdır və autsayderlər qrupunda qərarlaşıb.
Xatırladaq ki, “Ərzurumspor” Nərimanı ABŞ klubu “Kolumbus Kru”dan bir mövsümlük icarəyə götürüb. Axundzadə 2026/2027-ci illər mövsümünün sonuna kimi Super Liqa təmsilçisinin uğurları üçün çalışacaq. Müqavilədə satınalma şərti də nəzərdə tutulub. 23 yaşlı futbolçu yeni klubunda 90 nömrəli formanı geyinir. O, hələlik 2 rəsmi oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Qeyd edək ki, Ərzurum klubu ötən mövsüm Birinci Liqada çempion olaraq elitaya yüksəlib.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Nəriman bu komandada çox oyun şansı qazana bilmədiyi üçün Türkiyəyə üz tutmağa qərar verib.
“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


