Nail Kərimov və Aftandil Hacıyev Zaqrebdə görüşlər keçiriblər

“Qarabağ”ın futbol akademiyasının meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyev Xorvatiyada səfərdə olublar.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Nail Kərimov və Aftandil Hacıyev UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş “Dinamo” (Zaqreb) – “Qarabağ” oyunu üçün yollandıqları səfər zamanı meydan sahibi klubdakı həmkarları ilə görüşlər keçiriblər.

“Dinamo” akademiyasının direktoru İvo Miliç, U-15 və U-19 komandalarının koordinatoru Mariyan Çayiç, fiziki hazırlıq üzrə departamentin rəhbəri Frano Leko və məlumat bazasının idarəçisi Antonio Şişiçin iştirakı ilə keçirilən görüşdə akademiyaların strukturu, fəlsəfəsi, oyun tərzi, prinsipləri haqqında müzakirələr aparılıb. İvo Miliç Zaqreb “Dinamo”sunun son illərdə yetişdirdiyi futbolçuların keçdiyi yol, klubun həmin futbolçulara verdiyi dəstək, çatışmayan cəhətlərinin inkişafı və s. barədə məlumat verib. O, daha sonra “Qarabağ”ın nümayəndələrini akademiyanın meydançaları, inzibati binaları, istifadə edilən məlumat bazası, videoanaliz və s. proqramlarla bağlı ətraflı məlumat verib. Frano Leko ötən mövsümdən etibarən fiziki hazırlığa ciddi önəm verdiklərini və nəticəsini qısa müddətdə gördüklərini bildirib.

“Qarabağ”ın U-19 komandasının “Dinamo”nun təşkil etdiyi beynəlxalq turnirdə mümkün iştirakı müzakirə olunub.

Xatırladaq ki, “Qarabağ” Zaqreb “Dinamo”suna pley-offun ilk görüşündə 0:3 hesabıyla uduzub. Azərbaycan çempionu bu rəqibini avqustun 28-də Bakıda qəbul edəcək. Cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyuna saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: