2025/2026 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah” yarımmüdafiəçisi Namiq Ələsgərov ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatmış müqavilənin müddəti yenilənməyib. Paytaxt klubu Namiqə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Namiq Ələsgərov 2022-ci ildən “bayquşları”ın uğurları üçün çalışırdı. O, paytaxt təmsilçisinin heyətində 83 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə müəllifi olub. 30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
Ələsgərov daha öncə “Neftçi”, “Qarabağ”, “Bakı”, “Kəpəz” və “Bursaspor”da da forma geyinib.
Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Namiq 2015-ci ildən formasını geyindiyi əsas millimizdə 39 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub.
“Sabah” daha öncə Şakir Seyidov və Con İrasaballa da yollarını ayırmışdı. Rəhman Daşdəmirovla yeni müqavilə bağlamış paytaxt klubu Akim Zedadkanı transfer edib. Ötən mövsümü digər klublarda icarədə keçirmiş Rüstəm Samiqullin, Fəxri Məmmədli və Rauf Rüstəmli isə geri qayıdıblar.


