Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə uğursuz çıxışı ilə seçilən “Neftçi” 7 futbolçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 6 futbolçu – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla müqavilə yenilənməyib.
Həmçinin icarə müqaviləsinin müddəti bitmiş Rüstəm Samiqullin məxsus olduğu “Sabah” klubuna qayıdıb.
“Neftçi” bu oyunçuların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünü 43 xalla 10 iştirakçı arasında 6-cı pillədə başa vurublar. Paytaxt təmsilçisi keçirdiyi 36 oyunda 10 qələbə qazanıb, 13 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.


