“Neftçi” Azər Əliyevi transfer etdi – VİDEO

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Rusiyanın “Ufa” klubunun azərbaycanlı müdafiəçisi Azər Əliyevi transfer edib.

Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb.

Azər yeni komandasının heyətində 7 nömrəli formanı geyinəcək.

Əliyevin sonuncu klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” olub. O, 2018-2020-ci illər aralığında formasını geyindiyi bu komandadan bir müddət ayrı qalsa da, 2021-ci ilin yayında yenidən ufalıların sırasına qayıtmışdı.

Azər Rusiyanın “Yenisey” (2012-2017), “Saxalin” (2013), “Krılya Sovetov” (2017-2018) və “Tambov” (2021) komandalarında da çıxış edib. Əliyev bu komandalarda həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında uğurlu çıxışı ilə diqqət çəkə bilib.

Maraq üçün xatırladaq ki, Azərin Azərbaycan yığmasına da cəlb olunması uzun illər gündəmdə olub. Amma o, millimizdə oynamaq şansı qazanmayıb. “Neftçi”yə transferin bu futbolçunun Azərbaycan yığmasına da yolunu açacağını güman etmək olar.

“Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: