“Neftçi” növbəti hücumçu transferini reallaşdırıb. Arena.az xəbər verir ki, paytaxt klubu belaruslu futbolçu Yeqor Boqomolskini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumçu Bakıda yerləşən “Liv Bona Dea” xəstəxanasında tibbi baxışdan uğurla keçib. Bundan sonra onunla 3 il müddətinə müqavilə imzalanıb. 22 yaşlı forvard yeni komandasının heyətində 77 nömrəli formanı geyinəcək.
Yeqor Boqomolski Belarusun “Dinamo” (Minsk) klubunun yetirməsidir. O, 2019-cu ildə Brest “Dinamo”suna keçib və 2019/2020 mövsümünü sözügedən komandada keçirib. 2020-ci ildə isə hücumçu Brestin digər təmsilçisi “Rux”a keçib. 2020/21 mövsümünü “Rux”da keçirən futbolçu, geridə qalan mövsümdə də “Minsk”in uğurları üçün çalışıb. O, 2019-cu ildə Brest “Dinamo”sunun heyətində ölkə çempionu olub. Belarusun U-21 yığma komandasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, qanalı hücumçu Qodsvey Donyo və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi. Paytaxt klubunun “Şamaxı”ya icarəyə verdiyi Rəhman Hacıyevlə Latviya “Dauqavpils”ində oynamış Asim Əlizadə də geri dönüb.
Hüqo Basto, Kamran İbrahimov, Emin Zamanov, Ramon Maçado, Tyaqo Bezerra və Fəhmin Muradbəyli ilə yollarını ayırmış “ağ-qaralar”, Turan Vəlizadə ilə Xəyal Nəcəfovu da “Turan Tovuz”a icarəyə verib.