“Neftçi” – “Dinamo” matçının vaxtı dəyişdirildi – Səbəb

UEFA “Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Minsk “Dinamo”suna qarşı keçirəcəyi oyununun vaxtını dəyişib.

Arena.az xəbər verir ki, iyulun 23-də keçirilməli olan bu görüş bir gün əvvələ keçirilib.

Buna iyulun 23-də Azərbaycanın avrokuboklardakı digər təmsilçisi “Qarabağ”ın da ev oyununu Bakıda keçirməsi səbəb olub. Ağdam klubu Avropa Liqasının 2-ci raundunda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivini qəbul edəcək.

UEFA-nın qaydalarına görə bir gündə eyni şəhərdə iki avrokubok oyunu keçirilməsi məqsədəuyğun sayılmır. Bu üzdən də sözügedən qurum “Neftçi”nin ev oyununu bir gün öncə – iyulun 22-də keçirilməsinə qərar verib. 8-ci km stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

“Qarabağ”ın ÇSKA ilə görüşü isə əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın saat 21:00-da start götürməsi nəzərdə tutulub.

Hər iki komandamızın cavab görüşü isə iyulun 30-da keçiriləcək. Hələlik həmin oyunların dəqiq məkanı və başlama saatı açıqlanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: