“Neftçi” qış fasiləsində ikinci transferini reallaşdırıb. Arena.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Eddi İsrafilovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Eddi yeni komandasının heyətində 14 nömrəli formanı geyinəcək.
İsrafilov peşəkar karyerasına İspaniyanın “Real Mursiya” (2011-2014) komandasında başlayıb. O, “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadis” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında da çıxış edib.
2016-cı ildən Azərbaycan milli komandasına dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.
Qeyd edək ki, “Neftçi” daha öncə 27 yaşlı müdafiəçi Azər Salahlını transfer etmişdi.


