“Neftçi” ilə “Jelezniçar” arasında Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq cavab matçında anşlaq olacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Bakıda baş tutacaq Bosniya və Herseqovina təmsilçisi ilə cavab görüşü üçün satışa çıxarılmış biletlərin hamısı bitib.
Klub ötən gün onlayn şəkildə satılan biletlərin tükəndiyini açıqlamışdı. Yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün idi. Qiyməti 3 AZN olan biletlər bu gün saat 10:00-dan etibarən 8-ci km stadionunun kassalarında satışa çıxarılıb. Lakin həmin biletlər də bir neçə saat ərzində satılıb qurtarıb. Bu isə sözügedən matçda anşlaq olacağından xəbər verir.
Xatırladaq ki, bu gün 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçına saat 21:00-da start veriləcək. Bir həftə öncə Sarayevoda keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib – 2:2.
Azərbaycan təmsilçisi “Jelezniçar”ı mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.


