“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci raundunda Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.
Arena.az xəbər verir ki, UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq bu görüşün başlama saatında dəyişiklik edib.
Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da yox, yarım saat gec – yəni, 23:00-da start götürəcək.
Bu komandalar arasındakı cavab oyunu isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək. Həmin oyuna da saat 21:00-da start veriləcək.
Xatırladaq ki, “Neftçi”nin “Jelezniçar”la oyunlarının hakim təyinatları da məlumdur. Bosniyada baş tutacaq ilk qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Yuri Frişerə laynsman qismində Veyko Mıtsnik və Sander Saqa yardım edəcəklər. Kevin Kayvoya dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Bakıdakı cavab matçı isə Macarıstandan olan hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi FIFA referisi Balaş Berke olacaq. Ona yan xət hakimləri Balaş Buzas və Balaş Sert yardım edəcəklər. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.


