Azərbaycan təmsilçiləri “Qəbələ” və “Neftçi” bu gün Avropa Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə start verəcək.
Arena.az xəbər verir ki, hər iki komandamız bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
“Qırmızı-qaralar” doğma meydanda Kipr “Omoniya”ı ilə üz-üzə gələcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək oyunu rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edəcək.
“Neftçi” isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. “Ağ-qaralar”ın rəqibu ölkəsinin titullu klublarından olan “Jelezniçar”dır. “Qrbavitsa” stadionunda baş tutacaq oyunda ədaləti estoniyalı Yuri Frişer qoruyacaq.
“Jelezniçar” ötən mövsüm Bosniya və Herseqovina çempionatında 33 oyuna topladığı 53 xalla bürünc medal qazanıb. Komanda 15 qələbə qazanıb, 8 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
“Omoniya” isə geridə qalan mövsümdə Kipr kubokunun qalibi olmaqla Konfrans Liqasına vəsiqə qazanıb. Çempionatda isə bu komanda 36 oyuna topladığı 49 xalla 6-cı yeri tutub. 15 qələbəsi olan Kipr klubu 4 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.
Sözügedən komandalardan “Omoniya” UEFA reytinqində 111-ci,
“Jelezniçar” isə 348-cidir. Müqayisə üçün Azərbaycan təmsilçilərindən “Neftçi”nin bu siyahıda 137-ci, “Qəbələ”nin isə 265-ci yerdə qərarlaşdığını da qeyd edək.
Xatırladaq ki, Azərbaycanın Avropa Konfrans Liqasındakı digər təmsilçisi “Sabah” ilk oyununu ötən gecə keçirib. Paytaxt klubu səfərdə Latviyanın RFS komandasına 2:0 hesabıyla qalib gəlib.
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları avqustun 1, 2 və 3-də keçiriləcək. Azərbaycan təmsilçilərinin hamısı sonuncu oyun günündə meydana çıxacaqlar.
Onu da xatırladaq ki, “Neftçi” “Jelezniçar”ını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək. “Qəbələ” isə “Omoniya”nı məğlub etsə, 3-cü raundda “Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
27 iyul
20:00. “Qəbələ” – “Omoniya”
Baş hakim: Andrey Çivulete (Rumıniya).
Qəbələ şəhər stadionu.
23:00. “Jelezniçar” – “Neftçi”
Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo. “Qrbavitsa” stadionu.


