“Neftçi” yeni baş məşqçisinin adını açıqladı

“Neftçi” yeni baş məşqçisinin adını açıqlayıb. Arena.az xəbər verir ki, paytaxt klubunu bundan sonra Rumıniyadan olan Laurentsiu Regekampf çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub. Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqaviləyə imza atb. Təcrübəli mütəxəssis bu postda ötən mövsüm bitəndən sonra müqaviləsi yenilənməyən Samir Abasovu əvəz edib.

Paytaxt klubunda Abasovun yerini tutmağa əsas namizədlər ukraynalı Yuri Vernidub, belaruslu Viktor Qonçarenko, həmçinin türkiyəli Ərtoğrul Sağlam olunurdu. Lakin bu mütəxəssislərin heç biri ilə ortaq məxrəcə gəlmək mümkün olmayıb. Bu üzdən yekunda Regekampfla müqavilə imzalanıb.

Laurentsiu Regekampfın sonuncu iş yeri geridə qalan mövsümdə çalışdırdığı “Universitatya” (Krayova) olub. O da geridə qalan mövsüm bitəndən sonra klubla yollarını ayırıb.

Regelampf daha öncə ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara da rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında baş məşqçilik edib.

“Styaua”nı iki dəfə Liqa 1-in qalibi edən mütəxəssis, bu komanda Rumıniya Super Kubokunu və Liqa Kubokunu qazandırıb. “Əl-Hilal”la Asiya Çempionlar Liqasının gümüş medallarını qazanan məşqçi, “Əl-Vahda” ilə BƏƏ Liqa Kubokunun, BƏƏ Super Kubokunun qalibi olub.

Xatırladaq ki, geridə qalan mövsümdə Premyer Liqanın gümüş medallarını qazanan “Neftçi”ni qarşıda Avropa Konfrans Liqası gözləyir. Paytaxt təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) komandası ilə mübarizə aparacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab matçı isə ayın 28-də “Bakcell Arena”da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: