“Neftçi” Yens Andersson üçün təqdimat mərasimi keçirdi – Video

“Neftçi” Peşəkar Futbol Klubu bu gün yeni idman direktoru Yens Andersson üçün təqdimat mərasimi təşkil edib.

Arena.az xəbər verir ki, tədbirdə isveçli mütəxəssislə yanaşı, klubun baş icraçı direktoru Fərrux Mahmudov və əsas komandanın baş məşqçisi Adrian Mutu da iştirak ediblər.

Klubun mətbuat katibi Emin Əfəndi tədbiri açıq elan edəndən sonra klub nümayəndələrinə söz verililib. “İnanıram ki, Yens Anderssonun keçidi təkcə əsas komandamız üçün deyil, “Neftçi” Futbol Akademiyası komandalarının inkişafında da əhəmiyyətli rol oynayacaq. Təsadüfi deyil ki, Avropada tanınmış mütəxəssislərdən olan cənab Yensin İsveçin bütün yaş qrupu üzrə milli komandalarının inkişafında böyük əməyi var. Klubun bütün yaş qrupları üzrə komandalarına “Neftçi”nin vahid oyun fəlsəfəsini və idman etikasını aşılamaq vacib məqsəd kimi qarşıya qoyulub” – deyə Fərrux Mahmudov bildirib. O, baş məşqçi Adrian Mutu və futbolçulara güvəndiyini, sonadək onların arxasında duracağını açıqlayıb.

Daha sonra Yens Andersson çıxış edərək qarşıya qoyulan məqsədlərə çatmaq üçün əlindən gələni edəcəyini bildirib.

Təqdimat mərasimindən sonra mətbuat konfransı olub. Konfransda çıxış edən klub nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.

Xatırladaq ki, Yens Andersson keçən ay “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. 50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Orhus” (2014-2016) klublarında çalışıb. O, son olaraq İsveç millisində (2022-2023) idman direktoru olub.

İsveçin bütün yaş qrupu üzrə yığmalarında, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət millidə keçirilən islahatlarda Andersson böyük pay sahibidir. “Neftçi”də bu vəzifənin ona həvalə olunması qabaqcıl Avropa təcrübələrinə əsaslanan yeni struktur və sistem quruculuğu ilə bağlı klubun mövsümün əvvəlində bəyan etdiyi niyyətlərin ciddiliyini bir daha təsdiq edir. Klubun yaxın gələcək üçün strateji hədəflərindən biri akademiyada keyfiyyətli və köklü dəyişikliklərin həyata keçirilməsi, gənc istedadların üzə çıxarılması, onların gələcək inkişafı və əsas komandaya düzgün cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: