“Neftçi”nin üç futbolçusu Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”la keçiriləcək ev oyununu buraxacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir. Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber isə bərpa və müalicə mərhələsini davam etdirirlər.
Qeyd edək ki, martın 3-də “Neftçi Arena”da keçiriləcək Azərbaycan derbisinə saat 19:00-da start veriləcək.
24 turdan sonra “Qarabağ” 57 xalla vahid liderdir. Paytaxt təmsilçisi isə 36 xalla 3-cü pillədə qərarlaşıb.


