Nigeriya yığması Liviyada 13 saat hava limanında saxlanıldı

Afrika futbolunda böyük qalmaqal baş verib – Nigeriya yığması Liviyada tərk edilmiş hava limanında qidasız, susuz və rabitəsiz ilişib qalıb.

Arena.az məlumat verir ki, futbolçular təyyarədə yatıblar və indi Afrika Millətlər Kubokunun seçmə oyunu çərçivəsində meydana çıxıb oynamaqdan imtina edirlər.

Nigeriyalılar Liviyanı görüşü qəsdən pozmaqda ittiham edirlər.

Nigeriya yığması oyun üçün Liviyaya uçub. Təyyarə eniş etməzdən dərhal əvvəl təcili olaraq tərk edilmiş başqa bir hava limanına yönləndirilib. Nigeriyalılara bu xarabalıqdan təyinat məntəqəsinə – şəhər ünvanına çatmaq üçün bir neçə saat gərək olsa da, ev sahibi ölkə onları nəqliyyatla təmin etməyib. Üstəlik, yaxınlıqdakı mehmanxanalara nigeriyalıları yerləşdirmək qadağan edilib.

Nigeriya komandası 13 saatdan çox hava limanında qalıb. Komandanın kapitanı açıq şəkildə bunu biabırçılıq adlandırıb və qonaqlar üçün qəsdən pis şərait yaratmış Liviya yığması ilə oynamaq istəmədiyini bildirib. Bununla belə, nigeriyalı çalışdırıcı Afrikada daha pis şeylər gördüyünü deyib – o, oyunu keçirməyə hazırdır.

Maraqlıdır ki, liviyalılar bu davranışlarına maraqlı əsas tapıblar. Bildirilib ki, “hörmətsizlik marafonunu” ilk dəfə Nigeriya başladıb. Liviyalı futbolçuların bir neçə gün əvvəl Nigeriyada pis qarşılandığı, hava limanında bir neçə saat saxlandığı iddia edilir.

Qeyd edək ki, bu gün keçirilməli olan Liviya – Nigeriya qarşılaşması artıq təxirə salınıb. Oyuna bu gün Bakı vaxtı ilə saat 23:00-da start verilməli idi. Lakin bu qalmaqala görə oyun baş tutmayıb. Qarşılaşmanın aqibəti ilə bağlı Afrika Futbol Konfederasiyası qərar verəcək.