“Araz-Naxçıvan”ın yeni transferi, hücumameyilli yarımmüdafiəçi Aksel Nqando Premyer Liqa təmsilçisinin rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, yeni klubu ilə 1 illik müqaviləyə imza atan 30 yaşlı fransalı futbolçu Azərbaycan təmsilçisinə keçidi barədə bunları söyləyib:
“Yeni komandaya gəldiyimə görə şadam. Yaxşı mövsüm keçirməyi arzulayıram. Yeni müqavilə, yeni ölkə, yeni çağırış və yeni təcrübə deməkdir. Komandama faydalı olmağa, əsas heyətdə özümə yer etməyə çalışacağam. “Araz-Naxçıvan” Premyer Liqaya bu mövsüm yüksəlsə də, yaxşı çıxış edir. “Neftçi” ilə görüşü izlədim, qələbə münasibəti ilə futbolçularımızı təbrik etdim. Ümid edirəm ki, bu komanda ilə çoxlu qələbələr, kubok və medallar qazanacağıq. Maraqlı bir kollektivimiz var”.
Xatırladaq ki, klub karyerası zəngin olan Aksel Nqando “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində də özünü sınayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub. Amma o, iki mövsüm ərzində bu komandada cəmi 23 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında da çıxış edib.


