Nuno Rodriqes rəsmən “Araz-Naxçıvan”da!

Portuqaliyanın “Sportinq da Kovilya” klubunun hücumameyilli yarımmüdafiəçisi Nuno Rodriqes “Araz Naxçıvan”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqamızın yeni iştirakçısı rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni mövsümün hazırlığını Bakıda həyata keçirən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. Klub Nuno Rodriqeslə anlaşıb. Bu gün Bakıya gələn portuqaliyalı 29 yaşlı futbolçu tibbi müayinədən keçib. Onunla 1 il müddətini əhatə edən müqavilə imzalanıb.

Sağ cinah vingerinin son klubu Portuqaliyanın 2-ci liqasında iştirak edən “Sportinq da Kovilya” olub. O, 2022-ci ilin iyul ayında qoşulduğu bu komandada 35 oyuna cəmi 1 qol vurub.

Nuno Rodriqes karyerası ərzində “Oliveira do Hospital”, “Pedras Salqadas”, “Qafanya”, “Lusitano Vildemoinyos”, “Mafra”, “Aroka”, “Vilafrankense” klublarının da formasını geyinib.

Portuqaliyalı futbolçu müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına açıqlama da verib: “Ölkəniz haqda eşitmişdim, internet resurslarından da məlumat toplamışdım. Menecerim, eləcə də burada oynayan futbolçulardan müəyyən bilgi əldə etmişdim. Maraqlı, gözəl ölkəniz var. Bilirəm, “Araz-Naxçıvan” uzun fasilədən sonra yenidən Premyer Liqada oynayacaq. Buna görə narahat deyiləm. Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəm. Bilirəm ki, xüsusilə də legionerlərdən gözləntilər böyükdür. Bura kömək etmək üçün gəlmişəm. Komandamla uğur qazanacağıma inanıram”.

Xəbəri sosial şəbəkələrdə paylaş: