Orxan Əliyev: “O epizodlara görə özüm də pis olmuşam”

“Araz-Naxçıvan”ın hücumçusu Orxan Əliyev Premyer Liqanın 7-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra klub saytına müsahibə verib.

Arena.az xəbər verir ki, ötən gün səfərdə “Səbail”in qonağı olan Naxçıvan komandası oyun ərzində yaratdığı çoxsaylı qol epizodlarını boşa verdi və yekundə minimal hesabla məğlub oldu.

Matçda ən çox diqqət mərkəzində olan isə Orxan Əliyev idi. Cari çempionatda vurduğu 3 qolla komandasının hələ ki, ən sərrast oyunçusu olan Əliyev “Səbail”lə dueldə də azı 2 dəfə rəqib torunu silkələməyə yaxın oldu. “10 nömrə”nin klubun mətbuat xidmətinə müsahibəsini diqqətinizə çatdırırıq:

  • “Səbail”lə oyun nə ilə yadda qaldı?
  • Maraqlı oyun oldu. “Araz-Naxçıvan” Premyer Liqaya bu il yüksəlsə də, hər kəsi oyun planında yaxşı mənada təəccübləndirir. Oyunu meydanın rəqibə aid hissəsində keçirməyə çalışırıq. Qol vurmaq üçün epizodlarımız da çox oldu. Onların hansısa birindən düzgün istifadə edə bilsəydik, nəticə fərqli olacaqdı. Təəssüf ki, üstün oynadığımız oyunda məğlub olduq. Futbolun bu tərəfi də var.
  • Demək olarmı, oyunun nəticəsini sənin qaçırdığın epizodlar həll etdi?
  • Futboldur, fərqlənmək üçün epizod hər zaman olur. Əlbəttə, mən də yaxaladığım qol epizodlarını dəyərləndirməyi hamıdan çox istəyirdim. Bilirəm, dünən qaçırdığım imkanlara görə məni qınayırlar. Özüm də pis olmuşam. Anlayıram ki, hər şeyi dəyişə bilərdim.
  • Tələsirdin?
  • Tələsmirdim. Birinci epizod zamanı cərimə meydançasına girən zaman bir ötürmə ilə zərbə vurmaq istədim, alınmadı. Sonrakı imkan zamanı uzaq küncü nişan almağa çalışdım, bu dəfə də məqsədimə çata bilmədim, top qapıçıya dəydi. Təəssüflənməmək olmur.
  • Bu matçdakı nəticə hər iki komandanın turnir cədvəlinin üst sıralarında qərarlaşmasına kömək edəcək, həm də aşağı pillələrdəki digər klublarla xal fərqini artıracaqdı…
  • Razıyam, biz qələbə qazansaydıq, ikinci pilləyə yüksələcəkdik. Çox pis olmuşam. Yadıma düşəndə təəssüflənirəm.

“Premyer Liqa ilə aşağı dəstəni müqayisə etmək olmaz”

  • Növbəti oyun lider “Zirə”yə qarşı olacaq. Bu duellə bağlı nə düşünürsən?
  • Bu gün bərpa məşqi keçdik. Oyunun hazırlığına sabahdan başlayacağıq. Güclü rəqibdir. Birinci yerdə qərarlaşmaları təsadüfi deyil. Yaxşı hazırlaşmalıyıq ki, qələbə qazanaq. Şansımız var. Ümumiyyətlə, biz heç vaxt meydana çıxanda heç-heçə haqda düşünməmişik. Baş məşqçi bizdən hər zaman qələbə istəyir. Onun oyun fəlsəfəsi burdur. “Neftçi” və ya “Qarabağ”la oyunlarımızda da məqsəd eyni olub. Biz də onun tapşırığını yerinə yetirməyə çalışırıq. Yaxşı oyunu nəticəyə daşımalıyıq. Çünki xalı oyuna yox, nəticəyə görə verirlər.
  • Ötən il Birinci Divizionda bombardir olmuşdun. Premyer Liqada da işlərin pis getmir, komandanın ən çox qol vuran oyunçususan…
  • Birinci Divizionda da qol vurmaq asan deyildi. Düzdür, Premyer Liqa ilə aşağı dəstəni müqayisə etmək olmaz. Sadəcə, öz üzərində çox çalışmalısan. O qədər çalışmalısan ki, cərimə meydançasında qərarı tez və düzgün verməyi bacarasan.
Xəbəri sosial şəbəkələrdə paylaş: