Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə hazırlaşan “Turan Tovuz” hücumçusu Orxan Əliyev ilə vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bölgə təmsilçisi göstərdiyi xidmətlərə görə Orxana təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Orxan Əliyev bu ilin yanvar ayından “Turan Tovuz”un formasını geyinirdi. Tovuz klubu onu ilin əvvəlində “Kəpəz”dən 50 min avro müqabilində heyətinə cəlb etmişdi. 29 yaşlı forvard “Turan Tovuz”un heyətində cəmi 11 oyuna çıxıb və 2 məhsuldar ötürmə müəllifi olub.
Əliyev əvvəllər “Sumqayıt”, “Kəpəz”, “Araz-Naxçıvan”, “Xəzər Lənkəran”, “Zirə”, “Sioni” (Bolnisi), “Qaradağ Lökbatan” və “Qəbələ” kimi klublarda da çıxış edib. Azərbaycanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış hücumçu əsas millimizdə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Turan Tovuz” buna qədər İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə də yollarını ayırıb. Tovuz klubu gedənlərin əvəzində David Tavares və Abdulla Rzayevi heyətinə cəlb edib.


