AFFA-nın keçmiş əməkdaşı, “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb.
Arena.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunun “Fənərbaxça” (Türkiyə) – “Nordsyelland” (Danimarka) matçında iş başında olacaq.
Belə ki, Hüseynzadə sentyabrın 21-də İstanbulda reallaşacaq qarşılaşmanın UEFA nümayəndəsi olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Xatırladaq ki, Orxan Hüseynzadə 2017-2018-ci illərdə “Neftçi”nin prezidenti olub. O, 2004-cü ildə AFFA Beynəlxalq Əlaqələr Şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyib. 2004-2005-ci illərdə “Olimpik” FK-nın baş direktoru, 2006-2007-ci illərdə isə “Standard” FK-nın vitse-prezidenti vəzifəsində çalışıb. Hüseynzadə 2007-2011-ci illərdə AFFA Beynəlxalq Əlaqələr şöbəsinin direktoru vəzifəsində işləyib.


