Ozan Can 63 dəqiqə oynadı, komandası səfərdən 1 xalla döndü

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 8-ci turu çərçivəsində baş tutan “Almere Siti” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Son 3 oyunda qol vuran Ozan, bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” 8 oyuna topladığı 17 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: