Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 5-ci turu çərçivəsində baş tutan “Breda” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.
Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da məhz Ozan vurub. O, 42-ci dəqiqədə rəqib qapısına yol tapıb. Əvəzlənməzdən 2 dəqiqə əvvəl isə o, sarı vərəqə ilə cəzalanıb.
İlk xal itkisi ilə üzləşən “Eyndhoven” 5 oyuna topladığı 13 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.


