Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında ilk rəsmi matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 2-ci turu çərçivəsində baş tutan “Villem II” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Üç qolun qeydə alındığı matç “Eyndhoven”in 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.
“Eyndhoven” 2 oyuna topladığı 6 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.


