Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 4-cü turu çərçivəsində baş tutan “Alkmaar”ın gənclərdən ibarət komandası ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.
Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da məhz Ozan vurub. O, 45+2-ci dəqiqədə rəqib qapısına yol tapıb.
“Eyndhoven” 4 oyuna topladığı 12 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.


