Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 20-ci turu çərçivəsində baş tutan “Ayaks”ın ikinci komandası ilə oyunun iştirakçısı olub.
“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının ikinci qolunu da Azərbaycan yığmasının üzvü vurub. O, 69-cu dəqiqədə fərqlənməklə həm komandasını məğlubiyyətdən xilas edib, həm də matçın yekun nəticəsini müəyyənləşdirib. Bununla da Ozan cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb. Kökçünün hesabında 2 məhsuldar ötürmə də var.
“Eyndhoven” cari mövsümdə qazandığı 30 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 59 oyuna çıxıb, 13 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.


