Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Niderland Birinci Divizionunun 6-cı turu çərçivəsində baş tutan “Ayaks”ın əvəzedici kollektivi ilə oyunun iştirakçısı olub.
“Eyndhoven” “Ayaks”ın meydanında baş tutan bu oyundan 1 xalla ayrılıb. Hesabı 38-ci dəqiqədə Amsterdam təmsilçisi açsa da, futbolçumuzun komandası 90+2-ci dəqiqədə bərabərlik qolunu vurmağı bacarıb. Komandasını məğlubiyyətdən xilas edən qolu isə məhz Kökçü vurub. Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Eyndhoven” cari mövsümdə qazandığı 10 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 44 oyuna çıxıb, 8 qola imza atıb.