Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 12-ci turu çərçivəsində keçirilmiş “De Qrafşap”la oyunun iştirakçısı olub.
“Eyndhoven” rəqib meydanında baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb. Futbolçumuzun komandası 1:2 hesabıyla uduzub.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 3 qol vurmuş millimizin futbolçusu bu dəfə komandasına heç nə ilə kömək edə bilməyib.
“Eyndhoven” cari mövsümdə qazandığı 20 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb. Futbolçumuzun komandasını zirvədən 6 xal ayırır.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 50 oyuna çıxıb, 10 qola imza atıb.


