Ozan Can Kökçü “Eyndhoven”i kubokda növbəti mərhələyə daşıdı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland kubokunun 1/32 final mərhələsi çərçivəsində baş tutan “Villem II” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 1:0 hesablı qələbə ilə tərk edib. Nəticədə sözügedən kollektiv kubokda 1/16 finala vəsiqə qazanıb.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da millimizin futbolçusu vurub. O, 2-ci dəqiqədə fərqlənməklə yekun nəticəni müəyyənləşdirib. Xatırladaq ki, Ozan bu mövsüm Niderland Birinci Divizionunda da 4 qola imza atıb.

Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: