Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK klubunun heyətində debüt matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun Helsinki təmsilçisindəki debütü Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə təsadüf edib.
HJK bu mərhələdə Monteneqro təmsilçisi “Deçiç”lə mübarizə aparır. Finlandiya klubu bu rəqibi ilə ilk oyununu evdə keçirib. Qarşılaşma HJK-nın 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
Ozan bu görüşə start heyətdə başlayıb. O, debüt matçında hesab 1:0 olarkən əvəzlənib.
HJK ilə “Deçiç” arasındakı cavab görüşü bir həftə sonra Monteneqroda baş tutacaq.
Xatırladaq ki, son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bir neçə gün öncə HJK ilə 2,5 illik müqaviləyə imza atıb.
Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan keçmişdi. Yarımmüdafiəçi Niderland Birinci Divizionunda mübarizə aparan bu komandanın heyətində ötən mövsüm 40 oyuna çıxıb, 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Eyndhoven” karyerası bütövlükdə 78 oyun, 19 qol və 4 assistdən ibarətdir.
Ozan daha öncə Niderlandda “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinmiş futbolçu 2022-ci ildən isə əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.