Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 27-ci çərçivəsində keçirilmiş “Telstar”la görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.
Ozan Can Kökçü bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu keçmiş komandasına qarşı oyunda fərqlənə bilməyib.
Bundan əvvəlki son beş matçdan məğlubiyyətlə ayrılan “Eyndhoven” nəhayət ki, bu qələbə sayəsində uğursuz gedişata son qoyub. Komanda cari mövsümdə keçirdiyi 27 oyunda topladığı 42 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında məhz “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.


