Ozan Can Kökçü oynadı, “Eyndhoven” 4 qola üzüldü

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 23-cü turu çərçivəsində baş tutan “Dordrext”lə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 0:4 hesablı məğlubiyyətlə tərk edib.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 55-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə keçirdiyi 22 oyunda topladığı 39 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.