Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 19-cu turu çərçivəsində baş tutan “Ayaks”ın gənclərdən ibarət komandası ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.
Ozan Can Kökçü bu görüşün 78-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.
“Eyndhoven” 19 oyuna topladığı 33 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Ozan “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın əsas millisiylə yanaşı, U-20 və U-21 yığmalarımızın da formasını geyinib.


