Ozan Can Kökçü oynadı, “Eyndhoven” kubokla vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutan “Sittard”la oyunun iştirakçısı olub.

“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2. Nəticədə Ozan Can və komandası üçün kubok mübarizəni erkən başa çatıb.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə Niderland Birinci Liqasında 6 qol vurub, 2 məhsuldar ötürmə etmiş millimizin üzvü bu dəfə fərqlənə bilməyib.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 59 oyuna çıxıb, 13 qola imza atıb, 2 məhsuldar ötürmə edib.