Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 18-ci turu çərçivəsində baş tutan “Venlo” ilə görüşün iştirakçısı olub.
Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.
Ozan Can Kökçü bu görüşün 61-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib. Əvəzində o, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Eyndhoven” 18 oyuna topladığı 32 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.
Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.


