Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 2025-ci il mövsümünün ilk turu çərçivəsində “İlves”lə üz-üzə gəlib.
Helsinki təmsilçisi məhsuldar alınan bu matçın yekununda 2:3 hesablı məğlubiyyətə üzülüb.
Ozan bu görüşün 85-ci dəqiqəsində meydana buraxılıb. Amma millimizin üzvü komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Xatırladaq ki, Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu klubun heyətində 25 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


